Əlinin qətli
Əlinin qətli və ya Əlinin öldürülməsi — xarici Əbdürrəhman ibn Mülcəm əl-Muradi tərəfindən 26 yanvar 661-ci il tarixində, indiki İraqın Kufə şəhərində yerləşən Böyük Kufə məscidində Rəşidi xəlifəsi və Şiə İslamın birinci imamı Əli ibn Əbu Talibə qarşı törədilmiş sui-qəsd hadisəsi. Əli başına zəhərli qılıncla zərbə endirilməsindən iki gün sonra,:308 hicri təqvim ilə 40-cı ilin ramazan ayının 21-də (və ya 19-da), miladi təqvim ilə yanvar ayının 28-də 661-ci ildə aldığı yaralardan vəfat etmişdir. O, Ömər və Osmandan sonra sui-qəsdə uğramış ardıcıl üçüncü xəlifədir.
Əli Osmanın 656-cı il tarixində sui-qəsd ilə öldürülməsindən sonra xəlifə olmuşdur. Buna baxmayaraq, o, Levant valisi I Muaviyə də daxil olmaqla müxtəlif fraksiyaların müxalifəti ilə qarşılaşdı. Erkən İslam dövlətində İlk fitnə adlanan vətəndaş müharibəsi baş verdi ki, bu da Əməvilər sülaləsinin hakimiyyətə gəlməsi ilə nəticələnmişdir. Bu hadisələr xəlifə Osman ibn Əffanın sui-qəsd yolu ilə öldürülməsindən sonra başlamış və Əlinin dörd illik hakimiyyət dövrü boyunca davam etmişdir. 657-ci ildə baş vermiş Siffeyn döyüşündən sonra Əli I Muaviyə ilə arbitraja razılaşdıqdan sonra onun ordusunun içərisindən daha sonra xarici (mənası – "çıxıb gedənlər") adlandırılan bir qrup ortaya çıxdı.:390 Üsyan qaldıran xaricilər tərəfindən Əlinin bəzi tərəfdaşları öldürüdü. Buna baxmayaraq, Əlinin başçılıq etdiyi ordu onları 658-ci ilin iyul ayında baş verən Nəhrəvan döyüşündə darmadağın etdi.:260–261
İbn Mülcəmin Məkkədə xaricilərdən olan əl-Bərak ibn Abdullah və Əmr ibn Bəkr əl-Təmimi ilə görüşündən sonra onlar razılaşırlar ki, müsəlmanların o vaxtkı vəziyyəti Əlinin, I Muaviyənin və Misir valisi Əmr ibn əl-Asın günahıdır. Onlar dövrün "acınacaqlı vəziyyəti"ni dəyişdirmək və Nəhrəvanda öldürülən yoldaşlarının intiqamını almaq üçün bu üç nəfəri öldürmək qərarına gəlirlər.